Qərar vermə mexanizmi olaraq - Fərdi qərar vermə


İnsanlar rasional qərar vermənin tam tərsi olaraq, bəzən intuisiya və instinktləri ilə də qərar verirlər. “Altıncı hiss” də adlandıra biləcəyimiz, hisslərə söykənən qərar vermə şəxsin öz təcrübəsinə əsaslanaraq heç bir analitik düşüncəyə istinad etmədən tamamilə içindən gələn səsə qulaq asaraq verdiyi qərar olaraq izah oluna bilər. Edilən araşdırmalara görə insanlar aşağıda sadalanan vəziyyətlərdə intuitiv qərar verməyə daha meylli olurlar.

-Qeyri-müəyyənlik səviyyəsinin yüksək olması,
-Dəyişikliklər haqqında elmi olaraq proqnoz verilə bilməməsi,
-Əldə olan məlumatların miqdar və keyfiyyət baxımından məhdud olması,
-Əldə olan məlumatların dəqiq və şəffaf şəkildə istiqamətləndirici olmaması,
-Analitik informasiyaların fayda vermədiyi vəziyyətlərdə,
-Seçimlər arasında bariz formada fərqlərin olmaması,
-Vaxtın məhdud olması.





Intuitiv qərar vermə, rasional modelin alternativi olaraq nəzərə alınmamalıdır. Tam tərsinə, bu iki variant bir birlərini tamamlayıcı modellərdir. Yəni müəyyən nisbətdə instinktləri dinləmək qərar qəbul etməyi yaxşılaşdırır və uğurlu nəticələr əldə etməyə kömək edir.

Qərar vermə müddətində qarşılaşdığımız fenomenlərdən bəziləri bunlardır:

- Şəxsi qərarlarda əsasən qısa yol üstün tutulur. Qıs yolda ən önəmli nöqtə araşdırmalarda əlavə məlumat və sübut olmadan, mövcud vəziyyətdə hazır olan məlumatlara istinadən qərar verilir (availability heuristic). Bu vəziyyət “məhdud rasionallıq” vəziyyətini daha da məhdudlaşdırır.

- İnsanlar qərar verərkən hökmən keçmişdə baş vermiş oxşar hadisələrin təsiri altında qalırlar. Yəni yeni hadisələr qarşısında qərar verərkən, daha öncəki qərarları analogiya edərək nəticəyə gəlirlər (representative heuristic).

- Daha bariz şəkildə rasionallığı məhdudlaşdıran vəziyyət isə, insanların qərar verərkən daha öncə oxşar mövzuda verdikləri qərara əməl etmələridir (escalation of commitment). Yəni reputasiyanı zədələməmək, öncəki qərarların doğruluğuna şübhə yaratmamaq və yekun nəticəyə xələl gətirməmək üçün verilən fərdi qərarlar bəzən dəfələrlə təkrarlana bilir.

Yuxarıda sadalanan fenomenlərin, qərar verən hər kəs üzərində təsiri olduğu şübhəsizdir. Qeyd etmək yerinə düşər ki, fərdi yanaşmaya xas olan bu təsirlər analitik düşüncə modelini, rasionallığı pozur və qərarların subyektiv olmasına səbəb olurlar.


Fərdi qərar vermə ilə bağlı araşdırmalarda, əsasən 4 fərdi yanaşma olduğu ortaya çıxarılmışdır. Bu yanaşmalar iki dəyişkənin kombinasiyasının nəticəsidir. Birinci dəyişkən düşüncə tərzidir. Fərdlər rasional ilə intuitiv düşüncə tərzi arasında dəyişik çeşidli düşüncə tərzlərinə sahibdirlər.


İkinci dəyişkən qeyri müəyyənliklə əlaqədar tolerantlığın dərəcəsidir. Bəzi fərdlər qeyri müəyyənlik dərəcəsini azaldan həddindən artıq məlumat sahibi olarlarsa hadisə haqqında bir başa qərar verməyə meylli olurlar. Digərləri isə eyni anda bir çox məlumatı birləşdirərək qərar ala bilmə bacarığına sahibdirlər və qərar vermədə bu formula üstünlük verirlər. Bu iki dəyişkən eyni matrisdə toplana da bilər.

Qeyri müəyyənliyə qarşı tolerantlılığı zəif olan və rasionallıq axtarışında olan şəxslər istiqamətləndirici qərar vermə tərzinə sahib olurlar. Bu şəxslər qərar verərkən əldəki mövcud məlumatlara istinad edərək və bunlara əsaslanan az saydakı variantlar arasından seçim edərək qərar alırlar. Təbii olaraq bu şəxslər daha tez qərar verə bilirlər.

Analitik qərar vermə tərzinə sahib şəxslərin qeyri müəyyənliyə qarşı tolerantlıqları yüksək olur. Buna əsasən daha çox  araşdırır, məlumat və material toplayır və sonra da toplanmış materiallar əsasında səmərəli qərar verə bilirlər. Bu şəxslər üçün əhəmiyyətli olan mümkün olduğu qədər daha çox məlumat toplamaq, onları analiz etmək və qərar verməkdir.

Konseptual qərar vermə tərzinə sahib insanların yanaşmaları son dərəcə genişdir və çox sayda versiyalar yarada bilərlər. Yaradıcı həllər təqdim etmək bacarığına sahib bu şəxslər qərar alarkən adətən uzunmüddətli  dövrü göz önünə alırlar.

Davranışa istinadən qərar vermə tərzində, insanlar birbaşa öz seçimləri ilə deyil, başqalarının fikir və rəylərini nəzərə alaraq, iştirakçı qismində qərar verməyə meylli olurlar.

Rafiq Şahverdiyev
May 2020
SONUNCU